Bu səhifədə yaradıcılığı ilə tanış olacağınız Heydər Oğuz 09.04.1969-cu il tarixində Saatlı rayonunda anadan olmuşdur. Atası əslən Qərbi Azərbaycandan olduğundan doğma torpaqlarına daha yaxın olmaq məqsədiylə Naxçıvan Muxtar Respublikasına köçmüş və hələ bir yaşına çatmamış balaca Heydərin uşaqlıq dövrü bu diyarda keçmişdir. Keçmiş SSRİ dövründə siyasi aktivlik baxımından ən fəal bölgələrimizdən olan Naxçıvan mühiti onun yetişməsində mühim rol oynamışdır.
Uşaq yaşlarından siyasi dərnəklərə meyl göstərən Heydər Oğuz, müxtəlif mövzularda şeirlər yazmış və o dövrün mətbuat orqanlarında çıxış etmişdir. İlk şeiri 1982-ci ildə “Sovet Naxçıvanı” qəzetində işıq üzü görmüşdür.
Oxuduğu Hüseyn Cavid adına 5 nömrəli orta məktəbi bitirdikdən sonra, sovet ordusunda xidmətə yollanmış, əsgərlikdən qayıdanda isə ölkədə Milli azadlıq hərəkatının başlandığını görmüş və bu mübarizəyə qoşulmuşdur.
1992-ci ildə Türkiyəyə təhsil almağa getmiş, Uludağ Universitetinin Türk dili və ədəbiyyatı fakültəsində oxumuşdur. Təhsilini başa vurub məmləkətinə qayıtmış, o dövrün ən populyar mətbu orqanlarından olan “Hürriyyət” qəzetində əmək fəaliyyətinə başlamışdır.
Hazırda atasından və qardaşından öyrəndiyi diş texnikliyi peşəsiylə məşğuldur və vaxtaşırı öz yazılarıyla bəzi qəzetlərdə çıxış edir.
Qoşqar Məmmədov tərəfindən hazırlanaraq ona hədiyyə olunan bu səhifə, şair – puplisistə oxucuları ilə daha rahat təmas qurması məqsədini özündə daşıyır.
YAZ, EY QƏLƏMİM!
Heyrət ki, elim dad eləyir bunca yazardan.
Yazmaz biri lakin nə Vətəndən, nə diyardan.
Onlar ki, ayırmaz ürəyin nazlı nigardan,
Xalqın dili olmaq da sənin öhdənə düşdü
Yaz, ey qələmim, dərdləri yazmaq sənə düşdü
Gör, bir nə qədər əhli qələm var papaq altda,
Canana qəzəl söyləyər onlar dodaq altda
Ya Rəbb, gözəl ölkəm çabalarkən ayaq altda
Əfv et ki, çətin iş naşı bir bəndənə düşdü
Yaz, ey qələmim, dərdləri yazmaq sənə düşdü.
Könlüm, mətin ol, çünkü bu iş can tələb eylər,
Can üstə ölümcül Vətənim qan tələb eylər.
Hər hansı müqəddəs dava qurban tələb eylər.
Al qırmızı geymək sirası növbənə düşdü.
Yaz, ey qələmim, dərdləri yazmaq sənə düşdü.