Ay Cırtdan, sən nə tez belə böyüdün?

 

Bir zaman tumurcuq qızdın gözümdə,

Çevrilib qönçəyə, gülə, böyüdün.

Heyrətdən əllərim qalıb üzümdə,

Ay Cırtdan, sən nə tez belə böyüdün?

 

Nə saçın o saçdır, nə telin o tel,

İndi baxışın da başqa cür olub.

Ayrı sözlər deyir o dodaq, o dil,

Dodağın altında dişin dürr olub.

 

Mirvari dişlərin, yaqut dodağın

Üzünə özgə bir yaraşıq verib.

Buluddur saçların, Aydır yanağın

Ona hansı Günəş nur, işıq verib?

 

Sən yana baxanda olub aypara,

Üz-üzə gəlincə bədirlənirsən.

Kim bilir, neçə can çəkilir dara,

Haçan ki, daranıb, ətirlənirsən.

 

Qaşların bənzəyir qoşa qanada

Quştək pərvazlanıb uçacaq sanki.

Çöhrən də Günəşlə durub inada,

Daha parlaq şəfəq saçacaq sanki.

 

Sənin əllərini sıxa bilmirəm,

Bu dünya başıma yaman dar gəlir.

Sənə əvvəlkitək baxa bilmirəm,

Başqa cür baxmaq da mənə ar gəlir.

 

Bir zaman tumurcuq qızdın gözümdə,

Çevrildin qönçəyə, gülə, böyüdün.

Heyrətdən əllərim qalıb üzümdə,

Ay Cırtdan, sən nə tez belə böyüdün?

Bu yazının daimi bağlantısı: https://www.heyderoguz.com/2016/05/ay-cirtdan-s%c9%99n-n%c9%99-tez-bel%c9%99-boyudun/

Bir cavab yazın

Your email address will not be published.