“JEK” müdiri

AŞ-nın baş katibi Turbyörn Yaqlanddan Azərbaycanın «JEK» müdirlərinə cavab:

 

Kürünün xətri üçün rəhbər olubsan  «JEK»-ə sən,

Bir tikə mən yemişəmsə, yemisən on tikə sən.

Yemədik andırı ki, sən onu gözdən tökəsən.

Qoparırsan niyə bəs, bunca şivən, «JEK» müdiri?

Qalmayıbdır sənə, vallahi, güvən, «JEK» müdiri!

 

Demirəm xalqını minmə, ayaq üstündə dolaş,

Deyirəm, ustaca  min, salma dava, qovğa, dalaş.

Çox fikir vermə mənə, gör işini, etmə təlaş.

Mənə nə, bax o elin, bax,  o da sən, «JEK» müdiri,

Qalmayıbdır sənə, vallahi, güvən, «JEK» müdiri!

 

Mən desəm – “xalqına haqq ver”, mənə tez sən kürü ver!

Çox dinib bunca danışma, səsini kəs, kiri, ver!

Gəlirin xeyli azalmışsa, nəyin var, bəri ver!

Gəl, bölək xalqının əmlakını tən, «JEK» müdiri,

Qalmayıbdır sənə, vallahi, güvən, «JEK» müdiri!

 

Düşünər, kim ki görər halını Hacı Qarasan,

Həm mənim, həm elinin bağrına sən bir yarasan,

Sənə orden verərəm, karıma hərgah yarasan.

Məni kor, kəndini kar eyləmə zənn, «JEK» müdiri,

Qalmayıbdır sənə, vallahi, güvən, «JEK» müdiri!

Şeirlərim, siyasi və vətənpərvərlik şeirləri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir