Qönçə qızlar

Hicabsızsan, hicablıya kəm baxma,
Hər xanım qız bir yönüylə incədir.
Hər çiçəyin bir dəyəri var, amma
Çiçəklərin hicablısı – qönçədir.

Tumurcuqkən açılmış bir gül olar,
Böyüdükcə qöncələşər bu qızlar.
Bəzən nurlu üzlərində tül olar,
Yad baxışla pəncələşər bu qızlar.

Sanma, təkcə altında bu ləçəyin
Qönçə qızlar özlərini gizləyər.
O hicablar həm də qönçə çiçəyin
Ürək yaxan közlərini gizləyər.

Cəhənnəmin atəşindən qaçaraq,
Bu dünyanın alovunda bişərlər.
Ləçək altda Haqqa qucaq açaraq,
Din-imanın arxasınca düşərlər.

Veriləcək son hesabın xətrinə,
Qızmar yaya sərin payız deyərlər.
Əyindəki bir hicabın xətrinə
Ruhlarına necə hicab geyərlər.

Qəlblərində eşq atəşi odlanar
Ləçək altda gizlədərlər bu odu.
Bir işə bax, gül içində od yanar,
Qarsmaz yenə qöncələşən vücudu.

Yaşayarlar dili-ağzı dualı,
Hər birisi açılmamış çiçəkdir.
Sizin üçün bəlkə bir un çuvalı,
Baş örtüsü qöncələrə ləçəkdir.

Bu örpəyi üz hicabı tək sanma,
Qəlb hicabı hər hicabdan öncədir.
Hər çiçəyin bir dəyəri var, amma
Çiçəklərin hicablısı – qönçədir.

Bu yazının daimi bağlantısı: https://www.heyderoguz.com/2017/11/qonc%c9%99-qizlar/

Bir cavab yazın

Your email address will not be published.