Tövbə qapısı

Sən tövbə qapısı açıqdır deyə,
Sanma ki, nə etsən, Yaradan keçər.
Tanrı eyni baxar nökərə, bəyə?
Nə bəxti, nə anlı qaradan keçər.

Qiyamət günündə məhşər körpüsü –
Xeyir körpüsüdür, ya şər körpüsü.
Zalımın önündə məhşər körpüsü
Yüz qəlbə vurduğu yaradan keçər.

Nə qoyar çobanda itin haqqını,
Nə ata verilən ətin haqqını.
Yaradan yediyin yetim haqqını,
Unutmaz min il də aradan keçə.

İstər əlli yaşa, istər yüz yaşa,
Əməlin əyrisə, baxmaz göz yaşa.
Ömür çox qısadır, çalış, düz yaşa –
Cənnətə gedən yol buradan keçər.

Haqqı sorulacaq haqq divanında
Müsəlman Məmmədin, rus İvanın da.
Sanma, Haqq qocanın, növcavanın da
Haqqını qohumdan-qaradan keçər.

Oğuz, saxta işdə vardırsa qolu,
Axır peşmanlıqlar qurtarmaz qulu.
Açmaz hər qapını dünyanın pulu,
Baxma ki, çox işlər paradan keçər.

Şeirlərim, Əxlaqi və mənəvi motivli şeirlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir