Yaşamaq ölümün başqa bir adı

Ömür – son mənzilə aparan yoldur,

Hər kəs öz yoluyla yürüyüb gedər.

Həyat yarışında kimi tələsər,

Kimi ayağını sürüyüb gedər.

 

Doğulunca minib bədən atına

Yolçu ruhlar çapar Tanrı qatına.

Mənzilə çatınca torpaq altına

Gömülən bədənlər çürüyüb gedər.

 

Hər ömrün baharı, yayı, qışı var,

Hər gələn qonağın qayıdışı var.

Həyat bir parçadır, iki başı var;

Beşikdən məzara əriyib gedər.

 

Əcəl birdən almaz kimsədən canı,

Saniyə-saniyə yeyər insanı.

Xəzəltək ömürdən düşən hər anı

Payız küləyitək kürüyüb gedər.

 

Yaşamaq ölümün özgə bir adı

İnsan ömrü boyu ölümü dadır.

Zaman cəhrəsində  Adəm övladı

Özünə kəfənlik əyirib gedər.

 

Ağ kəfən tək geyim deyil ölüncə,

Heydər Oğuz deyər: kəfəndən öncə

Hər insan beşikdən qəbrə gəlincə,

Etdiyi əmələ bürünüb gedər.

Bu yazının daimi bağlantısı: https://www.heyderoguz.com/2017/12/yasamaq-olumun-basqa-bir-adi/

Bir cavab yazın

Your email address will not be published.