“Sevmirəm” dediyin nə,
Bu incə baxış nədir?
Gülüşünlə üzünə
Vurduğun naxış nədir?
Kim deyir ki, gözəlim,
Dil yalnız ağızdadır,
Ya da məktub adlanan
Əl boyda kağızdadır.
Gözlərin də dili var,
O da hərdən söz deyir.
Dil bəzən düz danışmır,
Göz nə desə, düz deyir.
Bəzən dildə gizlənən
Sözlər gözdən tökülür,
Dillə yox, gözlər ilə
Fikrin rəsmi çəkilir.
Dilin bir söz deyəndə
Gözünü gizlə barı.
Bacarırsan gözdə sus,
Danışma gözlə barı.