(Mikayıl Müşfiqə nəzirə)
“O şənlikdə, bu şənlikdə
Qulaq deşən dil sənindir”.
Ula, Bayquş, çəmənlikdə
Bülbül ölüb, gül sənindir.
Bənzəyirsən inə-cinə
Çıxma belə el içinə
Adam oldun pul gücünə
Bu yurd-yuva, el sənindir.
Əyri burun “qarmağın” var,
Dikbaş-dikbaş durmağın var,
Hər qarğışda barmağın var,
Quyruq altda əl sənindir.
Domba gözün od çanağı
Baxsa viran qoyar dağı
Ərşə qalxar nalə, ağı
Hər xaraba çöl sənindir.
Hər bir quşun öz teli var,
Əyri teli, düz teli var,
Kimisində üz teli var
Qaş üstündə tel sənindir.
Yüz il belə ömür sürsən
İstəməzsən abad yer sən.
Xarabalıq harda görsən
O viranə, bil, sənindir.