İranın min oyunu bir Xəzərin başındadır – Şahin Mustafayev İrana niyə getmişdi?

İranın min oyunu bir Xəzərin başındadır – Şahin Mustafeyev İrana niyə getmişdi?

 

Azərbaycan hökumətinin nümayəndə heyəti İranda rəsmi səfərdə olub.

Ovqat.com xəbər verir ki, Azərbaycanın Baş nazir müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəmdə heyəti səfər çərçivəsində önəmli görüşlər keçirib.

Dünən nümayəndə heyətini İran prezidenti Həsən Ruhani qəbul edib. Görüşdə iki dövlət arasındakı münasibətlərin daha da inkişaf etdirilməsi yolları müzakirə edilib.

Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Azərbaycan Respublikasının baş nazir müavini Şahin Mustafayev görüşdə bildirib ki, müştərək layihələr sahəsində əməkdaşlığın genişləndirilməsi ikitərəfli əlaqələrin də inkişafına təkan verəcək.

İran İslam Respublikasının prezidenti isə İranın Xəzər dənizində neftin çıxarılması və bu sahədə kəşfiyyat əməliyyatlarını ciddi surətdə izlədiyini qonağın diqqətinə çatdırıb.

Görüşün sonunda Şahin Mustafayev Azərbaycan Respublikası prezidenti İlham Əliyevin İran prezidentinə ünvanlanmış müraciətini təqdim edərək, deyib ki, Tehran-Bakı həmkarlıqları müxtəlif sahələrdə inkişaf edib. Onun fikrincə, İran və Azərbaycan Respublikasının ticarət mübadilələri həcmi 2014-cü ildən bəri üçqat, həmçinin Azərbaycan Respublikasında fəaliyyət göstərən iranlı şirkətlərin sayı ötən bir ildə əlli faiz artıb.

Qısası, İranın yarırəsmi xəbər agentliyinin xəsisliklə verdiyi bu məlumatın analizdən belə çıxır ki, Azərbaycan tərəfi embarqo altında qıvrılan İrana nəfəslik açmaq müqabilində Xəzərdəki qanunsuz iddialarından əl çəkməsini təklif edib. İran isə diplomatik dillə rəsmilərimizə “yox” cavabı verib.

Azərbaycan nümayəndə heyətinin tərkibində Xarici İşlər nazirinin müavini Xələf Xələfovun da iştirakı səfərin əsas məqsədinin Xəzər dənizində çarpışan maraqların müzakirəsi olduğunu göstərir. İran prezidenti Həsən Ruhaninin görüşdə Xəzər dənizində neftin çıxarılması və bu sahədə kəşfiyyat əməliyyatlarını ciddi surətdə izlədiklərini bildirməsi də rəsmi Bakıya xəbərdarlıq kimi qiymətləndirilə bilər.

Qeyd edək ki, İranla Azərbaycan arasında Xəzərin bölünməsi ilə bağlı ciddi fikir ayrılıqları var. Ötən ilin avqust ayında Qazaxıstanda toplanan 5  Xəzəryanı dövlət başçılarının sammitində bu su hövzəsinin statusu müəyyənləşdirilsə də, bir çox məsələlər açıq qalmışdı.

Kiçik haşiyə

Belə ki, həmin sammitdə bağlanan anlaşma beynəlxalq hüququn nə göl, nə dəniz statusuna uyğun idiZira göl statusu Xəzərin 5 dövlət arasında bərabər bölünməsini tələb edirdi. Dəniz statusunda isə sahildən 12 mil uzaqlıqdakı məsafələr sahilyanı dövlətlərə aid ərazilər sayılmalı, geri qalan ərazilər isə ortaq istifadə edilən yerlər elan olunmalıydı. Bu isə heç bir dövlətə sərf etmirdi.

Dərd burasındadır ki, Xəzərin dəniz statusunda bölünməsi də İranın və Rusiyanın işinə gəlmirdi. Çünki bu variantda Xəzərin ortası beynəlxalq sualara aid edilir və istənilən xarici dövlətin o sulara hərbi donanmalarını gətirmək şansı doğurdu. Xüsusilə İranı ən çox narahat edən isə ABŞ-ın müxtəlif bəhanələrlə öz hərbi donanmasını Xəzərə yerləşdirmək ehtimalı idi. Baxmayaraq ki, bu ehtimal əməli cəhətdən qətiyyən mümkün görünməsə də, nəzəri cəhətdən müzakirəyə açıq qalırdı.

Aktau sammitində dövlətlər məhz ortaq maraqlarını nəzərə alaraq Xəzəri həm dəniz, həm də göl statusunda böldülər. Sammit  ərəfəsində Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinin “Kommersant” qəzetinə verdiyi açıqlamada “razılaşmanın xüsusi hüquqi status” əsasında imzalanacağını söyləyərək demişdi: “Kreml dənizin böyük  hissəsinin ortaq istifadədə qalmasını, ancaq dənizdibi və yeraltı sərvətlərin bölünməsini arzlayır”.

 

Sammitdə də Rusiyanın dediyi olmuş, Xəzərin ortası balıqçılıq, ticarət və hərbi donanmaların gediş-gəlişi məqsədilə 5 sahilyanı dövlətin ixtiyarına verilmişdi. Aktau sazişinə görə, Xəzərə sahili olmayan başqa dövlətlər bu sularda hərbi donanma saxlaya bilməzdi. Məsələnin bu tərəfi İran tərəfindən məmnuniyyətlə qarşılanmışdı.

Xəzərin dibinin bölünməsinə gəldikdə isə, bu məsələ ilə bağlı eyni sözləri söyləmək mümkün deyil. İran prezidenti Həsən Ruhani Aktau sammitində də bunu dolayı yolla etiraf edərək demişdi: “Aktau sazişi önəmli sənəddir, amma bu sənəd Xəzər dəniziylə əlaqədar bütün fikir ayrılıqlarına son qoymadı”.

İranın narazı qaldığı əsas məsələ isə Xəzərin dibinin bölünməsi idi. SSRİ ilə bağladığı bir çox müqavilələrdə Xəzərin 14%-nə yiyələnən İran sovet hakimiyyəti dağıldıqdan sonra öz payının artılmasını istəyirdi. Onun təklif etdiyi göl statusu Xəzərin 5 sahilyanı dövlətlər arasında hər birinə 20% tezisini ehtiva edirdi. İlk əvvəl bu tezis Rusiya və Türkmənistan tərəfindən də dəstəklənsə də, yarıdəniz, yarıgöl statusunun yaradacağı perspektivlər Moksvanı bu sevdadan uzaqlaşdır. Türkmənistan da Rusiyaya baxıb Qazaxıstan və Azərbaycanın mövqeyini mənimsədi. İran ortada qaldığından Aktau sammitinin yekun qərarı ilə qismən razılaşdı: Xəzərə başqa dövlətin həbi donanmasının gətirilməsi ən çox onu qorxudurdu. İran prezidentinin Aktau sammitində səsləndirdiyi, dünən isə Azərbaycan nümayəndə heyətinin nəzərinə çatdırdığı sözləri isə Tehranın hələ də dənizin dibinin bölünməsiylə razılaşmadığını göstərir.

 

Məsələ burasındadır ki, İran bu sözləri dilə gətirərkən, əslində Azərbaycanın dəniz sektorundakı payından haqq istəyir. Özü də bu iddia yeni deyil. Hətta 18 il bundan əvvəl İran bu iddialarla Azərbaycanın Xəzərdə neft və qaz axtaran elmi-tədqiqat gəmilərinə hərbi müdaxilələrdə bulunmuş və neftçilərimizi Araz-Alov-Şərq neft bölgəsindən uzaqlaşdırmışdı. Əsaslandığı arqument isə guya, bu bölgənin İranın ərazisinə aid olmasıydı.

İranın bu hərbi təcavüzü regionda müharibə təhlükəsinə yol açmışdı. Həmin vaxt Türkiyə açıq şəkildə Azərbaycanı müdafiə etmiş və İraqın Küveyti işğalı kimi bu hərbi təcavüzlərə seyrçi qalmayacağını, lazım gələrsə İranla savaşacağını belə bəyan etmişdi. Türkiyə ilə yanaşı İsrail və ABŞ da açıq şəkildə Azərbaycanı dəstəkləmiş və məsələnin hərbi yolla həllinin yolverilməz olduğunu vurğulamışdılar.

 

Bununla belə, İran istəyinə nail olmuşdu. 2001-ci ildən indiyədək Azərbaycan Araz-Alov-Şərq neft bölgəsində bütün fəaliyyətini dayandırmış, ümidini Xəzərin statusunun həllinin tamamlanmasına bağlamışdır. Belə görünür ki, ötən il Aktauda keçirilən sammitdə də bu məsələ olunmadan qalır və İran indi bu problemdən Azərbaycana təzyiq vasitəsi kimi istifadə edir. O da maraqllıdır ki, Azərbaycanın nümayəndə heyətinin son İran səfəri ərəfəsində qonşu ölkənin bir çox şəhərlərində Nardaran hadisələrinin 4-cü “beynəlxalq ildönümü”tədbirləri keçirilir və rəsmi Bakı müsəlmanların qanına susamış rejim kimi təqdim olunurdu. Azərbaycan nümayəndə heyətilə görüşdə İran prezidentinin qarşımıza bir də Xəzər dosyasını qoyması məşhur atalar sözünü yada salır: “Ayının min oyunu bir armudun başındadır”.

Heydər Oğuz

Ovqat.com

P.S. SSRİ dağılmamışdan əvvəl Araz-Alov-Şərq neft bölgəsi Azərbaycanın sektoruna düşürdü.

Bu yazının daimi bağlantısı: https://www.heyderoguz.com/2019/12/iranin-min-oyunu-bir-x%c9%99z%c9%99rin-basindadir-sahin-mustafeyev-irana-niy%c9%99-getmisdi/

Bir cavab yazın

Your email address will not be published.