Ermənilərin Los Anceles təxribatının arxa üzü – Biz hücum diplomatiyasına hazırıqmı?

ABŞ-ın Los-Anceles şəhərindəki Azərbaycan Baş Konsulluğu qarşısında ermənilərin törətdikləri vəhşiliklərin videolarını seyr etdikcə xarici siyasətdə hücum diplomatiyasına start verən rəsmi Bakının  işinin heç də asan olmayacağını anlamaq mümkündür. Los Ancelesdə 30-40 azərbaycanlının qarşına 3 minə qədər erməninin çıxması və baş verən qarşıdurmada 7 soydaşımızın xəsarət alması təkcə ABŞ-dakı diasporumuza vurulan zərbə deyil. Bu həm də Azərbaycanın Dağlıq Qarabağ uğrunda apardığı haqlı savaşı üçün ən ciddi təhlükənin xəbərçisidir. 
 
Məsələ burasındadır ki, 1994-cü ildə imzalanan atəşkəs sazişiylə beynəlmiləlləşmiş Dağlıq Qarabağ problemi ilk növbədə xarici güc mərkəzləriylə oturacağımız masalarda çozülməli, orada əldə edilən nəticələr daha sonra döyüş sahəsinə  daşınmalıdır. Dünya siyasətinə yön verən güc mərkəzlərinin başında isə ABŞ gəlir. ABŞ-ın da xarici siyasəti müxtəlif lobbilərin təsiri altında müəyyənləşir, onun mövqeyi ilə razılaşmayan ölkələr ən ağır sanksiyalara məruz qalır, izoliyasiya siyasətləri ilə çöküşə sürüklənir. Ölkə iqtisadiyyatının böyük hissəsi neft-qaz ixracatına söykənən Azərbaycanın bu riski gözə alması, əlbəttə, asan deyil. 
 
Zənnimizcə, Azərbaycan-Ermənistan arasında yaşanan son gərginliklərdə dünya birliyinin bizim yanımızda dayanmasına da çox etibar edə bilmərik. Dünya dövlətlərinin Tovuz döyüşlərində bizi müdafiə etməsi və ya ermənilərin yanında yer almaması Azərbaycanın haqq savaşına verilmiş dəstək deyildi. Tovuzun geosiyasi və iqtisadi əhəmiyyəti, daha konkret desək, həmin ərazidən transmilli enerji xətlərinin keçməsi qlobal güc mərkəzlərinin erməni təcavüzünə qarşı mövqe sərgiləməsini şərtləndirdi. Azərbaycanın ərazi bütövlüyünə daxil olan Dağlıq Qarabağ üçün isə eyni durumdan söhbət gedə bilməz. Bu məsələ yalnız bizi ilgiləndirir və dünyəvi əhəmiyyət daşımır.


 
Düzdür, ermənilərin Dağlıq Qarabağda gərginliyi artıran bəzi addımlarına dünya birliyinin bəzi qarşıçıxışları qeydə alındı, amma bunlar problemin həllinə yox, dondurulmasına, status-kvonun qorunmasına yönəlik addımlardı. Bu isə indiki şəraitdə Azərbaycanın milli maraqlarına cavab vermir və ərazi bütövlüyümüz uğrunda aparacağımız müharibəyə beynəlxalq güclərin eyni həssasiyyətlə yanaşmasını hələ ki gözləməyə dəyməz. Bizim bu dəstəyi əldə etməyimiz üçün daha geniş çərçivəli kompleks tədbirlərə, uğurlu diaspor siyasətinə ehtiyacımız var.  
 
Bəs bu tədbirlər nədən ibarətdir və rəsmi Bakı xaricdən ölkəmizə yönələn basqıları necə zərərsizləşdirə bilər?
 
Fikrimizcə, bu suala cavab vermək üçün ilk növbədə ermənilərin öz təsir güclərini hardan aldıqlarını aydınlaşdırmalı və buna uyğun əks siyasət formalaşdırmalıyıq. 


 
Sirr deyil ki, erməni diasporunun ABŞ-da güclü təsir imkanına malik olmasının başlıca səbəbi ilk növbədə say etibarilə üstünlüklərindən irəli gəlir. Statistik məlumatlara nəzər salsaq, hazırda ABŞ-da 1 milyon 500-dən çox erməni məskunlaşıb. ABŞ-dakı Azərbaycan diasporunun sayı isə onlarla müqayisədə xeyli azdır. Ölkənin hər 10 ildən bir yenilən əhalinin siyahıyaalınması statistikasına əsasən, hazırda bu ölkədə yaşayan soydaşlarımızın sayı heç 10 minə belə yaxınlaşmır. Təbii ki, real rəqəm – qeyri-qanuni məskunlaşma bundan qat-qat artıqdır. Bəzi məlumatlara görə, ABŞ-dakı soydaşlarımızın sayı 200 mini keçir. Bu belə, erməni diasporu ilə müqayisədə xeyli kiçik görünür. 
 
ABŞ-da Türkiyə diasporunun mövcudluğuna və erməni məsələsinin iki qardaş ölkənin ortaq problemi olmasına baxmayaraq, onların da say üstünlüyündən söhbət gedə bilməz. Qeyri-rəsmi məlumatlara görə, ABŞ-da yaşayan türklərin sayı hardasa elə bizim qədərdir. Ən yaxşı halda bu rəqəmin 500 min olduğunu fərz etsək belə, yenə də ermənilərin Türkiyə və Azərbaycan diasporunun yarada biləcəyi ittifaqdan azı 2 dəfə böyük gücə malik olduğunu görə bilərik. Müqayisə üçün qeyd edək ki, rəsmi məlumatlara görə, ABŞ-da yaşayan türklərin sayı 150-200 min arasında dəyişilir. Təkcə Los Ancelesdə yaşayan ermənilərin sayı bu rəqəmə yaxındır. 


 
Məlumata görə, Erməni mənşəli amerikalıların ən çox məskunlaşdığı regionlar Los-Anceles, Nyu-York və Boston bölgələridir. Son siyahıyalmanın nəticələrinə inansaq, Los Ancelesdə 166 min 498, Nyu Yorkda 35 min 400, Bostonda isə 21 min 709 erməni yaşayır. Belə olduğu halda Azərbaycanın ABŞ-dakı Baş Konsulluğunun niyə məhz Los Ancelesdə qurulduğunu anlamaq çətindir. Nəzərə alsaq ki, ermənilər hər il aprel ayında Los Ancelesdəki Baş Konsulluğumuzun qarşısında bu cür aksiyalar keçirir, həmin diplomatik nümayəndəliyin nəyə xidmət etdiyi ciddi sual doğurur. Belə çıxır ki, ermənilər “ürək sözlərini” daha rahat deyə bilməsinlər deyə, biz onlara öz məhəllələrində tribuna düzəltmişik.
 
ABŞ-da güclü diaspor formalaşdırmağımızın qarşısında dayanan başlıca problemlərdən biri də bizdən və Türkiyədən bu ölkəyə köçən miqrantları eyni hədəfdə birləşdirə bilməməyimizdir. Ermənilər isə vətən və milli dövlətçilik hədəflərində rahatlıqla birləşə bilirlər. Zənnimizcə, bu da bizimlə onların ana vətəni fərqli səbəblərdən tərk etməsindən qaynaqlanır. Ermənilər “özgələrin müdaxiləsilə yuvalarından didərgin düşdüklərini” düşündükləri halda, bizim mühacirlərin böyük əksəriyyəti özümüzdən küskündürlər. Dolayısıyla düşmənlərimiz erməniçilik ideyası ətrafında rahatlıqla bir araya gəlir, bizimkilərin Azərbaycanla bağlı hədəfləri isə xaricə yox, daxilə yönəlir. Beləcə, diaspor siyasətimizə daxili hesablaşmalar qarışdığından rəsmi qurumların soydaşlarımız üzərində təsir gücü azalır. Ermənilər isə xarici düşmənlə mübarizə şüarı altında müxtəlif cəbhələrə bölünmədən fəaliyyət göstərirlər.
 
Ən əsası isə, onların bu birlikdəliyinin nüvəsində dini-mənəvi ideyalar dayanır. ABŞ-dakı erməni diasporunun böyük əksəriyyəti Erməni Apostolik Kilsəsinə (Armenian Apostolic Church) mənsubdurlar və bu kilsənin fitvaları əsasında öz hərəkətlərini tənzimləyirlər. Biz isə lobbiçilik fəaliyyətində din amilindən ya ümumiyyətlə istifadə etmirik, ya da ondan yanlış istiqamətdə faydalanırıq. Prinsipcə, din amilindən yetərli faydalanmamaq xüsusiyyəti yalnız bizə xas deyil. ABŞ-da 3.3 milyondan artıq müsəlman yaşamasına baxmayaraq, ölkənin xarici siyasətinin müəyyənləşdirilməsində heç bir təsirli güc ortaya qoya bilmirlər.

 

Azərbaycanın İsraillə münasibətləri və bu işə ABŞ-dakı səfirliyimizin rəhbərlik etməsi də din amilindən yetərli səviyyədə faydalanmağımızın qarşısını alır. Yəhudi lobbisinin təsiri altında qalan səfirliyimizin, Prezidentin təbiriylə desək, “kimlərəsə şirin görünmək” üçün vaxtaşırı biz “müsəlman aləmində İsraillə dost olan yeganə dövlətik” kimi ritorika ilə digər dindaşlarımızın rəğbətini qazanması mümkün görünmür. 
 
ABŞ-da söykənəcəyimiz yeganə dostumuz olan Türk diasporu isə mütəşəkkil güc deyil. Bunu ölkənin Siyahıyaalma İdarəsinin yetkililəri də etiraf edirlər. 2016-cı ildə idarədən “Amerikanın səsi” radiostansiyasına verilən açıqlamaya görə, türk əsilli əhali ya kimliklərini gizlətməyə, ya da sənədləşdirmə işinə çox səhlənkar yanaşmağa meyllidirlər. Dolayısıyla, onlar da milli və sosial məsələlərə ikinci dərəcəli iş kimi yanaşırlar.
 
Azərbaycanın ABŞ-dakı diasporu milli dəyərlərimizə yaxın olan digər güclərdən sayılan İran diasporundan da faydalana bilmir. Bunun, sözsüz ki, obyektiv səbəbləri var. Əsas səbəb İranın Azərbaycanla bağlı siyasətindən qaynaqlanır. Rəsmi Tehran Azərbaycanın varlığını öz torpaq bütünlüyünə təhdid olaraq gördüyü kimi, İran diasporunun da ölkəmizlə bağlı mövqeyi birmənalı deyil. Baxmayaraq ki, İran diasporunun böyük əksəriyyəti indiki Tehran rejimini dəstəkləmir, amma Azərbaycana münasibətdə onunla eyni mövqedən çıxış edirlər. Zənnimizcə, son zamanlar İranın öz ənənəvi siyasətindən uzaqlaşaraq, Azərbaycana və Türkiyəyə yaxınlaşma xəttini tutması 3 dost və qardaş ölkə arasında bütün umu-küsülərə son qoya və diasporlarımızın həlledici məqamlarda bir araya gəlməsini asanlaşdıra bilər.
 
Yeri gəlmişkən, İranın ABŞ-dakı diasporunun əksəriyyəti Kaliforniya əyalətində cəmləşib və son erməni təxribatının baş verdiyi Los Anceles də həmin ştata bağlıdır. Bildirildiyinə görə, ABŞ ermənilərinin 45%-nin məskunlaşdığı bu ştatda həm də 500 mindən artıq iranlı mühacir yaşayır. Onların arasında Cənubi Azərbaycandan olan soydaşlarımız da az deyil. Bəs bizim diaspor fəaliyyətimizdə İran bir kənara, Cənubi Azərbaycanlılarla bağlı konkret işlər görülürmü? Nə yazıq ki, bu suala müsbət cavab vermək iqtidarında deyilik.
 



İndisə gələk erməni diasporuna.
 
Erməni diasporu isə ABŞ-da yüz il boyu təşkilatlanmış şəkildə fəaliyyət göstərir. Məlumata görə, bu ölkəyə ermənilərin kütləvi axını 1890-cı ildən başlayıb. 1890-1920-ci illər arasında ilk kütləvi axın zamanı formalaşan və böyüyən erməni diasporunun ən çox məskunlaşdığı bölgə də məhz Azərbaycanın Baş Konsulluğunun fəaliyyət göstərdiyi Los Anceles şəhəridir.  
 
 
Bu köç dalğasından sonra keçən yüz il ərzində ermənilərin ABŞ-a ən azı 3 dəfə kütləvi axını qeydə alınıb. İkinci köç dalğası 1940-1950-ci ilərdə baş verən İkinci Dünya Müharibəsi dövrünə və sonrasına təsadüf edir. Həmin illərdə ABŞ vətəndaşlığını qəbul edənlərin sayı rəsmi məlumatlara görə, 4 min 739 nəfər idi.
 
 Üçüncü dalğa 1970-1980-ci illərdə Yaxın Şərqdə, xüsusilə Livanda baş verən vətəndaş müharibəsi dövründə yaşanıb. Həmin illərdə I Dünya Müharibəsi zamanı Türkiyədən Yaxın Şərqə köçürülən ermənilərin böyük hissəsi ABŞ-a qaçıb. Dəqiq sayı bilinməsə də üçüncü dalğada ABŞ ermənilərinin sayında böyük “partlayışın” yaşandığı qeyd olunur.
 
SSRİ-nin dağılmasıyla start götürən 4-cü dalğa isə 1990-cı illərdən başlayaraq indiyədək davam edir. Bu dörd köç dalğası ilə ABŞ-da artan erməni sayı onların lobbiçilik çalışmalarını da ciddi şəkildə gücləndirib. Erməni lobbisinin arxasında dayanan iş dünyası bu gücü təşkilatlandıraraq ABŞ siyasətinə təsir etmək imkanlarını da böyüdüblər. Məhz bu təşəbbüslərin sayəsində siyasi təsir gücüylə yanaşı böyük kapital əldə ediblər. Hazırda Ermənistan belə, o lobbilərin maliyyə dəstəyi ilə ayaqda dayana bilir. Biz isə ABŞ-dakı diaspora fəaliyyətinin gücləndirilməsi üçün hər il xeyli maliyyə xərclədiyimiz halda öz konsulluğumuza edilən erməni hücumunun qarşısına cəmi 30-40 fədai çıxara bilirik. Çünki diaspor siyasətini düzgün qurmamışıq. Ermənilərlə bizim diaspor siyasətimizdəki kəmiyyət və keyfiyyət fərqi istər-istəməz müxtəlif nəticələrin ortaya çıxmasına yol açır. Bu fərqli nəticələri icmallaşdıraraq deyə bilərik ki, Ermənistanı erməni diasporası  formalaşdırdığı halda, Azərbaycan öz diasporasını qurmağa çalışır, amma ciddi nəticələrə imza ata bilmir. 


 
Mən bu sözləri deyərkən, heç də Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə kölgə salmaq niyyətində deyiləm. İnsafən, indiki Komitə sədri Fuad Muradov son vaxtlar öz fəaliyyətilə sələfindən ciddi şəkildə fərqlənir. DİDK-nın təşkilatçılığı və təşviqatı ilə müxtəlif ölkələrdə keçirilən aksiyalar Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında müəyyən müsbət rol oynayır. Bundan əvvəl koronavirus izoliyasiyaları nəticəsində müxtəlif ölkələrdə çətin vəziyyətdə qalan vətəndaşlarımızın problemləriylə XİN-dən çox, diaspor komitələrinin maraqlandıqları da ortadadır və bu barədə məlumatlar zaman-zaman media orqanları vasitəsilə yayıldı. Hətta eşitdiyimizə görə, bəzi ölkələrdəki səfirliklərimiz dövlətdən yardım pulları almaq üçün vətəndaşlarımızın ölkəyə göndərilməsində qəsdən süni problemlər yaradıblar. Səfirliklərin çətin vəziyyətlərindən istifadə edib kimsəsiz buraxdıqları vətəndaşlarımızın qayğısına isə DİDK qalıb. Bunları danmaq ədalətsizlik olar və diqqəti problemin əsl mahiyyətindən yayındırar.
 
Məsələ burasındadır ki, bizim diaspor siyasətimizin özü doğru qurulmayıb və bunun DİDK-ya az dəxli var. DİDK sadəcə müəyyənləşdirilən cizgidə hərəkət edir və ondan gözləniləni bacardığı qədər yerinə yetirir. Diaspor siyasətini müəyyənləşdirən isə hansısa komitə yox, ümumilikdə Azərbaycan hökumətidir və yaxud belə olmalıdır. 
 
Uğurlu bir diaspora siyasəti formalaşdırmaq üçün hökumətin müxtəlif qurumlarının birgə fəaliyyəti nəticəsində effektli kompleks tədbirlər planı hazırlanmalı və həyata keçirilməlidir. Bizim hökumət isə diaspor siyasətini xaricdə yaşayan soydaşlarımızın əlinə bayraq verib müxtəlif inzibati binaların qarşısında aksiya keçirməkdə görür və DİDK da bunu icra etməyə məhkumdur. Nəticədə xeyli pulların xərcləndiyi bu cür fəaliyyətlərin meyvələri tez solur, ortaya qoyulan işlər ötəri xarakter daşıyır, fundamental və qalıcı dəyərə çevrilmir. Halbuki diasporumuzla iş sahəsində qalıcı fəaliyyətlərə imza atılsaydı, DİDK-nın böyük zəhmət hesabına ərsəyə gətirdiyi ötəri effektli aksiyalar öz-özlüyündə ortaya çıxar, düşmənlərin xarici basqıları qarşısında əsl sipərə çevrilərdi.


 
Sual oluna bilər: Yuxarıda eyd etdiyimiz 100 il ərzində ABŞ-a təkcə ermənilər köçməyib. Onlarla birlikdə bizdən də ABŞ-a və müxtəlif ölkələrə köçənlər olub. Necə olur ki, ermənilər bu gücü lobbiçilik fəaliyyətinə çevirə biliblər, bizimkilər isə əriyib mövcudluqlarını itiriblər?
 
Fikrimizcə, bu müəmmanın sirri ermənilərin öz diaspora fəaliyyətlərini  düzgün qurmalarında gizlidir. Onlar istər ABŞ-da, istərsə də dünyanın digər bölgələrində milli məktəblərini, mədəniyyət ocaqlarını, idman komplekslərini və s. qurub, bir millət kimi özlərini yaşada biliblər. Təbii ki, bunun arxasında sığındıqları dövlətlərin yardımları, öz iş adamlarının dəstəkləri də önəmli rol oynayıb. Zatən belə olmasaydı, erməni hərəkatı da indiyədək varlığını qoruya bilməzdi. Bizim mühacirlərin isə o fürsəti  olmadığından assimiliyasiyaya uğrayıb, yox olmaqdan başqa çarələri qalmayıb. İrəli sürdüyümüz bu iddianı təsdiqləyən xeyli sayda faktlar var və gələcək araşdırmalarımızda ermənilərin lobbiçilik fəaliyyətinin bu məqamları üzərində xüsusilə dayanacağıq. Hələlik isə bunu deməklə kifayətlənirik ki, rəsmi Bakı da diaspora fəaliyyətində bu metodlardan istifadə etməli, xaricdə yaşayan soydaşlarımızın assimiliyasiyaya uğrayıb yox olmalarının qarşısını almalıdır. Azərbaycan isə öz səhv təhsil siyasətilə özü öz içində yox olur, ruslaşır…
 
Heydər Oğuz,
Ovqat.com

Bu yazının daimi bağlantısı: https://www.heyderoguz.com/2020/07/erm%c9%99nil%c9%99rin-los-anceles-t%c9%99xribatinin-arxa-uzu-biz-hucum-diplomatiyasina-haziriqmi/